Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz və Ramazan Bayramları münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun tərtərlilərə təbriki

19 mart 2026 | 17:00

Əziz tərtərlilər, Sizi milli bayramımız olan Novruz və dini bayramımız müqəddəs Ramazan bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi, bərəkət arzulayıram. Nə xoş ki, bu il hər iki bayramı bir yerdə qeyd edirik.

Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir, bütün evlərdə səməni göyərdilir, tonqallar çatılır, novruz şirniyyatları bişir, aş dəmlənir, hamı bir-birini təbrik edir, pay verib, pay alır.

Fərəhli haldır ki, cəmiyyətimiz dədə-babadan miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadıb davam və inkişaf etdirməkdədir.

1993-cü ildə Novruz bayramı Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə ümumxalq bayramı elan edilib, onun üzərindən bütün qadağalar birdəfəlik götürülüb, xalq Novruzu hər yerdə özünün böyük milli bayramı kimi kütləvi şənliklərlə qeyd etməyə başlayıb, Novruz beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək dünyaya sürətlə yayılmağa başlayıb.

Müqəddəs Qurani Kərimin nazil olduğu Ramazan ayı da insanları birliyə, xeyirxahlığa, paklığa, mərhəmətə və humanizmə  çağırır. İnsanlar bu ay Allah qarşısında borclarını və vəzifələrini yerinə yetirir, nəfs üzərində qələbə sevincini yaşayırlar.

Tərtərlilər hər il olduğu kimi bu il də Novruz və Ramazan bayramlarını sevinclə qarşılayır, dövlətimizin rifahı, vətənimizin bölünməzliyi üçün niyyət edir, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuyurlar. Ulu Tanrı oxuduğunuz duaları qəbul etsin.

Bayram günlərində şəhid ailələrinə, aztəminatlı ailələrə yardımlar edilir, hər kəs çalışır ki, qonum-qonşuda tanıdıqları, aztəminatlı ailələrə kömək edib, əl tutsunlar, hamının evində ramazan süfrəsinə qoyacağı təamlar olsun, ocaqlarında qazanları qaynasın.

Artıq 6 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Artıq torpaqlarımızin azadlığı, suverenliyi tam bərpa olunub. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərə artıq böyük qayıdış başlayıb. Torpaqlarımızda, şəhər və rayonlarımızda  nəhəng quruculuq işləri gedir. Ağıllı kəndlər salınır, şəhərlər bərpa edilir, insanların rahat  yaşaması üçün hər cürə şərait yaradılır.

Bu bayram günündə bir daha Sizləri və xaricdə yaşayan bütün soydaşlarımızı milli-mənəvi həmrəyliyi, bərabərliyi humanistliyi özündə əks etdirən Novruz və  Ramazan bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, firavan həyat  arzulayıram. Qəlbinizdən Allah sevgisi, mərhəmət, üzünüzdən gülüş əskik olmasın.

Novruz bayramınız mübarək!

Ulu Tanrı tutduğunuz orucu qəbul eləsin!

Qoy yurd yerlərimizdə çatılan  tonqallarımız bir daha sönməsin!

Keçidlər