Novruz bayramı münasibəti ilə Tərtər rayonunda ümumrayon tədbiri keçirilib
Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd olunur. Tərtərlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə Mərkəzi Meydanda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon rəhbəri qazilərlə birlikdə bayram tonqalını alovlandırıb.
Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, ölkəmizdə Novruz bayramı əvvəlki illərdən daha artıq coşqu ilə, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib. 30 il işğal altında olan dədə-baba yurdlarımızda indi bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub. Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. İndi artıq Talış kəndinin sakinləri də baharın gəlişini öz doğma yurdlarında qarşılayırlar.
Milli Məclisin deputatı Sahib Alıyev şıxış edərək tərtərlilərə təbrikini çatdırıb, Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər zəngin ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı və əməkdar artist Gülüstan Əliyevanın ifasında səsləndirilən musiqilərlə davam etdirilib.