Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Məcnun Məmmədov Tərtərdə intensiv bağçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub

21 aprel 2025 | 16:50

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər rayonunda yerləşən intensiv bağçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan “Aqropat” MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib. Məlumat verilib ki, şirkət 236 hektarda intensiv bağçılıq fəaliyyəti ilə məşğul olur və əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı, nektarin, ərik və xurma istehsal etmək və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. 2021-ci ildən etibarən şirkət ixrac fəaliyyətində ciddi irəliləyiş əldə edib, istehsal olunmuş məhsulların böyük hissəsini Rusiya və digər MDB ölkələrinə ixrac edib. Hazırda məhsulların Avropa və Yaxın Şərq bazarlarına ixracı istiqamətində aktiv iş aparılır.

Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub. Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Keçidlər