Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissənin zabit və əsgərləri Zəfər günü ilə əlaqədar açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya ediblər

02 noyabr 2023 | 12:51

Tərtər Rayon İcra Hakimiyyətinin  və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə  rayonda fəaliyyət göstərən N saylı hərbi hissənin zabit və əsgərləri Zəfər günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhərin Elman Səfərov küçəsinə erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus  açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya ediblər.

Tədbir iştirakçıları əvvəlcə muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət fotoguşəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev  ekskursiya iştirakçılarına 44 günlük Vətən müharibəsində rayonumuza dəymiş ziyan barədə məlumat verib. Bildirib ki, Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb.

Zabil Paşayev tədbir iştirakçılarına erməni terrorçularının törətdikləri terror hadisələrində həlak olan mülki şəhidlər barədə də məlumat verib. Bildirib ki, 2020-ci il oktyabrın 15-də Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbiristanlığında dəfn mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. Ümumilikdə, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki vətəndaşlardan 16 nəfər şəhid olub, 63 nəfər yaralanıb. Yaşayış evlərinə, qeyri-yaşayış sahələrinə, sosial obyektlərə, məktəb, xəstəxana və uşaq bağçalarına, kənd təsərrüfatına ziyan dəyib. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu ilin sentyabr ayının 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat 43 dəqiqə ərzində erməni terrorçuları ağ bayraq qaldıraraq təslim olublar. Xalqımız oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi,  Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılmasını qürur və iftixar hissləri ilə qarşılayıb. Möhtərəm prezidentimiz 20 illik hakimiyyəti dövründə xalqına verdiyi bütün vədlərə əməl edib.

Keçidlər