“Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində tədbir keçiriilib
“Humanitar Tədqiqatlar” İctimai Birliyi icra etdiyi “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində Tərtər rayonunda tədbir keçirib.
Tədbirə 30 nəfər gənc qatılıb.
Tədbiri giriş sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova tədbir içtirakçılarını salamlayaraq layihə barədə məlumat verib. Qeyd olunub ki, Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edən layihə 3 ay müddətində davam edəcək.
“Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır.
Layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur. İlk tədbir müharibədən ən çox zərər çəkən rayonlardan biri olan Ağdamda keçirilib.
Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib. Təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində cəbhəyanı regionda ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırılıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova çıxış edərək, İçtimai Birliyin nümayəndələrini salamlayıb. Bildirib ki, dövlət rəsmilərinin dili ilə desək, Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı olub, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. Rayon mərkəzi də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. Sözsüz ki, bütün bunlar rayonun infrastrukturuna, onun təbiətinə, yaşıl örtüyünə çox ziyan vurub. Təkcə onu demək kifayətdir ki, Ermənistan 30 ilə yaxın Tərtər çayının suyunu bağlayaraq həm ərazinin suvarılmasına, həm də əhaliyə böyük zərər vurub.
Sonra rayonda mövcüd ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirələr də aparılıb.






