Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum günü məzarı önündə qeyd edilib
Bu münasibətlə İkinci Şəhidlər xiyabanına toplaşan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qəhramanın döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda, haqq yolunda şəhadət məqamına yüksələnlərin ölməzliyi, əbədiliyi bir daha vurğulanıb.
Mərasimdə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Hərbi orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Anar Əliyev 42 il öncə, 1980-ci il avqustun 28-də Kəlbəcər şəhərində müəllim ailəsində anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona köçüb. 1988-ci ildə isə milli zəmində olayların gərginləşməsi, daha doğrusu, tarix boyu özgəsinin torpaqlarına göz dikən, özgələrinin əlində maşaya çevrilən, torpaq iddiaları ilə dəfələrlə baş qaldırsalar da məğlub olan, “böyük hayastan” xülyası ilə yaşayan, özləri haqqında həmişə miflər yaradan və bu miflərin əsirinə çevrilən təcavüzkar Ermənistanın başladığı qanlı hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçmək məcburiyyətində qalırlar. Burada yeddinci sinfi bitirdikdən sonra Anar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaq istədiyini bildirəndə, valideynləri nəinki etiraz etmir, hətta onun bu istəyini alqışlayırlar. Vaqif müəllim oğlunu şəxsən Bakıya gətirir, məktəb rəisi ilə görüşür və fiziki cəhətdən o qədər də güclü olmasa da Anarı xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu gələcək sərkərdələr beşiyinə əmanət edir. On üç - on dörd yaşlarından əsgər çəkməsi, uniforma geyən Anar müəllim və komandirlərinin ümidlərini doğruldur, valideynlərini uğurları ilə sevindirir.
Bakı Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil aldığı illərdə də Anar Əliyev seçilən kursantlardan olur və 2001-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirən gənc zabit Anar Əliyevin çətin və şərəfli xidmət dövrü başlayır. O, xüsusi təyinatlı manqa komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə, “leytenant”dan “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlir.
Hansı hərbi hissədə, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq komandanlığın qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. Daim öz üzərində çalışır, respublikamızda və digər ölkələrdə təlimlərdə, ixtisasartırma kurslarında peşəkarlığını daha da artırır. Dünya ordularının qabaqcıl təcrübələrindən, hərb elminin ən müasir naliyyətlərindən bəhrələnir. İşgüzarlığı, yüksək iradi keyfiyyətləri ilə bütün çətinliklərdən müvəffəqiyyətlə çıxır.
Qeyd olunub ki, Vətən müharibəsinin ilk günündən döyüşlərə can atan təcrübəli və peşəkar zabitin səsi-sorağı az sonra Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdən gəlir və hərbi əməliyyatlar zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla yerinə yetirilməsində fərqlənir.
2020-ci il oktyabrın 23-də Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən polkovnik-leytenant Anar Vaqif oğlu Əliyev qəhrəmancasına şəhid olur.
Vurğulanıb ki, Polkovnik-leytenant Anar Əliyevin peşəkar zabit, nümunəvi komandir kimi xidmətləri həmişə yüksək qiymətləndirilib. Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda", Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.
Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir və “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülür.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Tərtərin Vətən müharibəsində alınmaz möhtəşəm qalaya, tərtərlilərin isə hər birinin mübariz əsgərə çevrildiyini qeyd edərək deyib: "Vaqif müəllim əslən Kəlbəcərdən olmasına, Anarın Kəlbəcərdə doğulmasına baxmayaraq biz onları həm də tərtərli kimi tanıyırıq. Vaqif müəllim, Səkinə ana parlaq ziyalıdırlar, vətənpərvərdirlər, hamı onların hörmətini saxlayır. Bu cür valideynlərin Anar kimi oğulları olması heç kimdə şübhə doğurmur. Bu nəsildə qadın, kişi bilmədən hər kəs Vətənin dar günündə döyüşçü olur, həm ön, həm də arxa cəbhədə. Vaqif müəllimin bacısı Mələk xanım Birinci Qarabağ müharibəsi veteranıdır. Tərtərlilər bu ailə ilə fəxr edirlər.
İcra Hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, Tərtər şəhərində mərkəzi küçələrdən biri şəhidin adını daşıyır.
Tədbirdə Milli Məclisin deputatı Sahib Əliyev, döyüş yoldaşları çıxış edərək qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini vurğulayıblar.
Şəhidin valideynləri Vaqif müəllim, Səkinə ana, yoldaşı Vüsalə Əliyeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.