Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Anar Məmmədov şəhid Ruslan Şahbazovun ailəsini ziyarət edib

17 fevral 2026 | 09:52

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat məsələləri sektoru müdiri Əliyev Fizuli, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru müdiri Nəcəfov Ülvi , YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun Ələsgərli kəndində şəhid Şahbazov Ruslan Mahir  oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, onun xatirəsi ehtiramla yad olunub. Anar Məmmədov qeyd edib ki, Ruslan Şahbazov kimi qəhrəmanların sayəsində torpaqlarımız işğaldan azad olunub və bu gün onların xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur. Deputat vurğulayıb ki, şəhid ailələri və qazilərin problemlərinin həlli, onlara sosial dəstəyin göstərilməsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən prioritet istiqamət kimi müəyyən edilib.

Qeyd edək ki, Ruslan Şahbazov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub. Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşa edilib.

Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.

Keçidlər