Şriftin ölçüsü :

Saytın rəngi :

Millət Vəkili yenidən qazilərlə görüşüb

23 sentyabr 2022 | 12:52

Milli Məclisin deputatı Sahib Alıyev İyulun 15-də Tərtərin İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayonun digər rəhbər şəxsləri ilə birlikdə qazilərlə görüşüb, onların qayğıları və üzləşdikləri problemlərlə maraqlanıb.

Həmən görüşdə Millət Vəkili söz verib ki, payız sessiyasına az qalmış onlarla yenidən bir araya gəlib, Milli Məclisdə hansı məsələləri səsləndirəcəyi  haqda birgə qərar qəbul edəcəklər.

Sentyabrın 22-də deputat Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının qərargahında qazilərlə yenidən görüşüb.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov da iştirak ediblər.

Millət Vəkili iyul ayında olan görüşdə qaldırılan problemlərdən hansının həllini tapması, hansının həll olunmadığı ilə maraqlanıb, parlament toplantılarında hansı problemlərdən danışacağını bildirib.

Görüşdə qeyd olunub ki, üzərində özəlliklə dayanılan pensiya və müavinətlərin artırılması məsələsi elə həmən gün Nazirlər Kabinetində keçirilən toplantının da gündəmində olub. Orada 2023-cü ilin dövlət büdcəsinin tərtibi zamanı Prezident İlham Əliyevin şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi tapşırığı ayrıca vurğulanıb.

Beləliklə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılması nəzərdə tutulur.

Deputat Sahib Alıyev görüşdə qazilərimizin sentyabrın 12-13-də Azərbaycan-Ermənistan sərhəddində baş verənlərin arxasında hansı reallığın dayandığını, ordumuzun qətiyyətli addımlarının nəyə hesablandığını özünü ağıllı sayan, yaxud o cür təqdim edən siyasətbazlardan daha yaxşı bildiklərini qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Laçındakı çıxışında vurğuladığı kimi bəzilərinin verdikləri bəyanatlara, telefon danışığı zamanı nə demələrinə baxmayaraq Azərbaycan öz istəyinə tam çatacaq, Vətənin bütövlüyü uğrunda əzalarını, sağlamlıqlarını itirən bu igidlərimizin könülü xoş, şəhid qardaşlarının ruhu həmişə şad olacaqdır.

Görüşdə iştirak edən qazilər şəhid və qazi ailələrinin problemlərinin həllinə  göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər