Mənəvi borcun təzahürü
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial və mənəvi dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır. Şəhid ailələrinə ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğı yüksək mənəvi borcun bir təzahürüdür. Göstərilən nümunədən Tərtər rayonunun yerli dövlət qurumları da bəhərələnərək şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşırlar. Yerli dövlət qurumlarının nümayəndələri tez-tez şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərini yerində həll edir, ailələrə maddi və mənəvi dəstək göstərir, şəhidlərin məzarlarını ziyarət edir, önünə gül-çiçək dəstələri düzülür.
Bu günlərdə İcra hakimiyyətinin təşəbbüsü ilə daha bir yeniliyə imza atılıb. Rayondan olan şəhidlərin doğum və anım günlərində mərkəzi meydanda yerləşən monitorda onların qısa, lakin mənalı ömür yolları barədə videoçarxlar nümayiş etdirilir.
İlk olaraq rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun və Yuxarı Qapanlı kəndindən olan Elməddin Əliyevin doğum günləri münasibəti ilə onların ömür yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib. Çarxların nümayişi sakinlər tərəfindən ehtiramla qarşılanıb.
Məlumat üçün bildiririk ki, hər iki şəhid ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunublar.
Allah bütün şəhdilərimizə rəhmət eləsin!