Şriftin ölçüsü :

Saytın rəngi :

Media işçiləri Tərtərdə Milli Mətbuat gününü qeyd etdilər

22 iyul 2023 | 14:18

Tərtər Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Tərtərdə media işçiləri Milli Mətbuat gününü qeyd ediblər.

Tədbir iştirakçıları əvvəlcə  Şəhidlər Abidə kompleksini, sonra isə Ümummilli Liderin abidəsini ziyarət edib, xatirələrinə hörmət əlaməti olaraq gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında “dəyirmi masa” ətrafında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kütləvi informasiya nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

 Rayon rəhbəri öz çıxışında əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə Həsən bəy Zərdabi tərəfindən  qoyulan milli mətbuatımızın keçdiyi  çətin və şərəfli yoldan, qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların xidmətlərindən danışaraq bildirib ki, Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Beləki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu mətbuatın inkişafına ciddi təkan verdi.

Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir.

Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin bu diqqət və qayığsının nəticəsi idi ki, 2002-ci ildə O, “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Rayon rəhbəri qeyd edib ki, bu gün media ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatının inkişafı üçün göstərdiyi tarixi xidmətləri unutmur və hər zaman əziz xatirəsini hörmətlə yad edir. İcra başçısı öz çıxışında  ölkə rəhbəri cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğını da dilə gətirib, media nümayəndələrinin 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıqdan, sözün həqiqi mənasında qələmləri ilə informasiya müharibəsində göstərdikləri şücaətlərindən danışıb.

 Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, ”Respublika” qəzetinin bölgə müxbiri Vəli Vəliyev, “AZƏRTAC”ın bölgə müxbiri Tahir Ağaməmmədov, “İctimai TV”  əməkdaşı Şöhrət Eyvazov, “Xəzər TV”-nin əməkdaşı Şamxal Adıgözəlov, “AZTV”-nin əməkdaşı Elnur Tofiqoğlu, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, “EL TV” -nin əməkdaşı Daşqın Abdullayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

 “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verir..

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Sonra bir qurup media nümayəndəsinə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Keçidlər