Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş 3-cü dərəcəli “Rəşadət” ordenli Ruslan Lalayevin doğum günü məzarı önündə qeyd olunub
Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü, Səhləbad kənd sakini, kiçik çavuş Lalayev Ruslan Akif oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri, məktəblilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.