“Konstitusiya və Suvertenlik İli-2025”: “İnsan hüquqları aylığı” çərcivəsində Tərtər şəhər İƏD üzrə nümayəndəlikdə “İnsan və vətəndaş hüquqları” adlı tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhər İƏD üzrə nümayəndəlikdə şəhər sakinlərinin iştirakı ilə “İnsan və vətəndaş hüquqları” başlığı altında maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov iştirakçılara mövzu haqqında ətraflı məlumat verib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışıb.
Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Həmin Dövlət Proqramını nəzərə alan respublika prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixləri ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunur.
Tədbirdə çıxış edən Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, nümayəndənin müavini Seymur Yusibov, şəhər sakinləri Sabir Məmmədov, Mayıl Hüseynov insan hüquqları və mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən danışıblar. Çıxışçılar insan hüquq və azadlıqlarının təmin edilməsinin müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrildiyini, Azərbaycanda aparılan demokratik hüquqi islahatların insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Çıxış edənlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən də bəhs ediblər.