Konstitusiya və Suverenliyin təməli: Ümummilli Lider müstəqil Azərbaycanın yaradıcısıdır
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mərkəzin inzibati binasında “Konstitusiya və Suverenliyin təməli:Ümummilli Lider müstəqil Azərbaycanın yaradıcısıdır” mövzusunda “dəyirmi masa”keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev bildirib ki, "Konstitusiya və Suverenlik İli" ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu bir dövrə təsadüf edir. 2025-ci ildə həm Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində əldə etdiyimiz qələbənin 5-ci ildönümü qeyd olunacaq.
Müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dünyada yaşayan bütün soydaşlarımızı sevindirib.
Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.
O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlardan keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyə yenidən gəlməsi ilə ölkənin möhkəmləndiyini və böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Həmçinin Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna baza yaratdığını vurğulayıb.
“Dəyirmi masa” da Tərtər Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüsal Paşayev, sektor müdiri Tural Hətəmov, baş məsləhətçi Alim Binnətov və aparıcı məsləhətçi Turan Məhərrəmli də çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ötən əsrin sonlarında müstəqil Azərbaycanın ictimai-siyasi həyatına nəzər salanda lidersizlik mühitinin yaratdığı faciələri, xaosu və vətəndaş itaətsizliyini aydın görmək mümkündür. Əgər həmin dönəmdə xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bugünkü müstəqil Azərbaycanın varlığı şübhə altında idi.
Ən ağır gündə Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycan xalqına sahib çıxaraq müstəqilliyimizi qorumaqla əzmkarlıq nümayiş etdirdi. Bu böyük şəxsiyyət könülləri əbədi fəth edərək əsl xilaskar kimi millətimizi və dövlətimizi yıxılmağa qoymadı. Ümummilli Lider sözün həqiqi mənasında müstəqil Azərbaycanın yaradıcısıdır.