“Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yap rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, əməkdar və gənc müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.
Təhsil işçiləri əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə onları təbrik edərək, şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar diləyib. Bildirib ki, bu il müəllimlərimiz “Konstitusiya və Suverenlik İli”ndə daha qürurla öz bayramlarını qeyd edirlər. Çünki artıq Vətənimiz olan Azərbaycanın bütün guşələrində üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Qeyd olunub ki, biz yazmağı, öyrənməyi, düşünməyi müəllimlərimizdən öyrənmişik. Keçmişimizi müəllimlərimizlə xatırlamışıq, bu günümüzü onlarla paylaşmışıq. Ancaq müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır. Necə deyərlər, gələcək müəllimlərin əsəridir.
Rayon rəhbəri öz çıxışında Ulu Öndərin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözlərini də dilə gətirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib. Onun təşəbbüsləri sayəsində təhsil işçilərinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olub.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir. Çıxışda ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.
Sonra rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev,YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Peşə Məktəbi PHŞ-nin direktoru Əli Babayev, Tərtər Uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov, Fikrət Rzayev adına Balakəngərli kənd ümumi orta məktəbin direktoru Alxas Həsənov , Rafiq Nuriyev adına şəhər 6 nömrəli tam orta məktəbin müəllimi, ”Əməkdar müəllim” Tahirə Quliyeva, İsmayli Məmmədov adına şəhər 2 saylı məktəb-liseyin müəllimi Tacirə Vəlizadə, Suqovuşan kənd tam orta məktəbinin müəllimi Vüsalə Muradlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunur.
Tədbirin sonunda bir qrup müəllim rayon icra hakimiyyəti, YAP rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.






