“Konstitusiya və Suverenlik İli-2025”: Ümummilli Liderin anadan olmasının102-ci ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib
Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Fərəc Rzayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev respublika prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və suverenlik İli” elan edilməsindən, bu il müstəqil Azərbaycanın Konstitusiyasının 30, 44 günlük Vətən müharibəsində qələbəmizin 5 ilinin tamam olmasından, vətənimizin ərazisində suverenliyin tam təmin olunmasından danışaraq, tədbir iştirakçılarına bütün qazanılan uğurların əsasında Ulu Öndərin siyasəti durduğunu qeyd edib. O, bu gün Ümummilli Liderin siyasətinin respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb və şahmatçılara uğur diləyib.
Sonra turnirə start verilib. Turnirdə rayonun məktəblərindən müxtəlif yaş qrupları üzrə 20 qız, 50 oğlan olmaqla, ümumilikdə 70 nəfər şagird iştirak edib.
Qaliblər müvafiq dərəcəli diplomlarla təltif ediləcəklər.