Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli -2025”: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

02 may 2025 | 14:05

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Tərtər rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin  və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Ulu Öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Qeyd olunub ki, 2025-ci il respublika prezidentinin sərəncamı ilə “Konstitutsiya və Suverenlik İli” elan olunub. Bildiyiniz kimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir”.

Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətlərindən danışan Eldar Əsədov onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Xalqımız ölkəmizin bütün ərazisində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa olunmasının qürurunu yaşayır.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev çıxış edib. Çıxışda Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyadan ətraflı bəhs olunub. Bildirilib ki, konstitusiya  5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edilmişdir, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanınaa əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Tədbirdə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi  Murad Zeynalov, idarənin mühəndisləri Əqidəm Əlizadə və Ruhiyyə Ağayeva da çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsidir. 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyərək, tarixinin qüdrətli dövrünü yaşayır.

Keçidlər