Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli-2025”: Tərtərdə 28 may Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib

27 may 2025 | 12:58

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 28 may Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri  Eldar Əsədov açaraq qeyd edib ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulub. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki yeri və roluna dair ən dolğun qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir: ”Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yadaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühim addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənlərimizin bərpası işində böyük rol oynamışdır”.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edib. O, belə bir həqiqəti xüsusi vurğulayıb ki, keçən əsrin 90 - cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalqımızın təkidli tələbi ilə Ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və öz xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində Azərbaycanı parçalayaraq məhvə aparan bütün təhlükələri mətanət və əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Bugünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb.

Qırx dörd günlük Vətən müharibəsində məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Tədbirdə YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər şəhət İƏD üzrə nümayəndə Sahib Həsənov, şəhid atası Mircəfər Bağırov, Seydimli kənd İƏD üzrə mümayəndə Nərmin Vəliyeva, Mamırlı kənd tam orta məktəbinin direktoru Əli Əzimov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.

Keçidlər