“Konstitusiya və Suverenlik ili-2025”: Tərtər Rayon İcra Hakimiyyəti və Ombudsman Aparatının təşkilatçılığı ilə rayonda informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətində, hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışan şəxslər, idarə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.
Əvvəlcə ümummilli liderin və torpaqlıarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyətindən danışıb və Ombudsman Aparatının əməkdaşlarını tədbir iştirakçılarına təqdim edib.
Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və şöbənin aparıcı-məsləhətçisi Elvin Hacıyev çıxış edərək, 2025-ci ilin ölkə rəhbərinin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, il çərçivəsində Ombudsman Aparatının əməkdaşlarının yerlərdə maarifləndirici tədbirlər keçirdiyini bildirib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
Eyni zamanda, Müvəkkilin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri ilə bağlı 13-1 maddəsində göstərilən səlahiyyətləri var.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığının təmin edilməsi üçün çoxsaylı tədbirlər görülür.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsi, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə Müvəkkilin təşəbbüsü ilə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmışdır. Şöbənin tərkibində İnformasiya əldə etmək hüququnun təmini sektoru və Təhlil və monitorinqlər sektoru fəaliyyət göstərir.
Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı istiqamətlərdə fəaliyyət göstərir.
Müvəkkil informasiya sahibi olan dövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər, onların vəzifəli şəxsləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərir, müraciətlər üzrə təhlillər aparır və informasiya sahibi olaraq, informasiya sorğularını cavablandırır.
Sonra İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı məlumat verərək, Ombudsman Aparatında informasiya əldə etməklə bağlı vətəndaşların hüquqlarının pozulması ilə bağlı yazılan protokollar barədə-faktlarla danışıb. Bununla bağlı “İnzibati Xətalar Məcəlləsində” olan müddəaları nəzərə çatdırıb.
Sonda informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı video-çarx nümayiş etdirilib.