“Konstitusiya və Suverenlik İli -2025” : “ Milli Dirçəliş Günü müstəqilliyə aparan yolun başlanğıcıdır ”
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə “Konstitusiya və Suverenlik İli “ çərçivəsində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunan “Milli Dirçəliş Günü müstəqilliyə aparan yolun başlanğıcıdır” adlı tədbir keçirib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs edib.
Qeyd olunub ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir, Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır və 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Sonra YAP rayon təşkilatının sədr müavini Azər Ağayev,Kiçik Qarabəy kənd İƏD–üzrə nümayəndənin müavini Sonaxanım Paşazadə, Tərtər Peşə Məktəbinin ustaları Aynur Əliyeva, Nayidə Kərimova, rayon Mədəniyyət Mərkəzinin işçisi Ülviyyə Əliyeva, Gigiyena və Epidemioloji Mərkəzinin işçisi Mehriban Zamanova çıxış ediblər.Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Artıq 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də böyük qürur və iftixar hissi ilə qeyd olunur.






