“Konstitusiya və Suverenlik İli-2025”: 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətlə Tərtər Uşaq Gənclər İnkişaf Mərkəzində “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Mərkəzin kollektinin hazırladığı tədbirdə uşaqlarla birlikdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər Təhsil Sektorunun nümayəndələri və qazilər də iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin direktoru Ülviyyə Qəmbərova çıxış edərək qonaqları və uşaqları salamlayıb.
Tədirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov çıxış edərək uşaqları qarşıdan gələn 1iyun-Beynəlxalq Uşaqlar Günü münasibəti ilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bu gün uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə kimi hüquqlarının qorunması üçün təşkil olunan bir gündür.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Sonra söz uşaqlara verilib. Fidanlar oxuyub, oynayıb, şənləniblər.
Tədbirdə uşaqların rəsm və əl işləri də nümayiş etdirilib.
Sonda tədbirdə iştirak edən qazilərin uşaqlarına hədiyyələr verilib, mərkəzin müəllim və dərnək üzvləri Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.