Köçərli kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi olaraq bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Köçərli kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı əvvəlcə qardaş Türkiyədə baş vermış güclü zəlzələ nəticəsində həlak olmuş vətəndaşların doğmalarına başsağlığı verib, Türkiyə -Azərbaycan dövlətlərinin dostluq, qardaşlıq münasibətlərinin tarixindən danışıb, çətin anda hər iki ölkənin bir-birinin yanında olduğunu vurğulayıb. Azərbaycan dövlətinin qardaş ölkəyə ilk yardım göstərənlərdən olduğunu, zəlzələ bölgəsində xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə Respublika Prezidentinin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyətinin lazımi avadanlıqlarla birgə, zəruri tibbi avadanlıq və tibbi ləvazimatlarla təchiz olunmuş Mobil səhra hospitalının, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyətinin, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun tibb personalının Türkiyəyə yola salındığını bidirib. O, hazırda zəlzələdən zərər çəkmiş qardaş ölkənin vətəndaşlarına dövlətimiz tərəfindən humanitar yardım göndərildiyini, respublikamızda, eləcə də rayonumuzda da vətəndaşlar tərəfindən yardım kampaniyasına başlandığını qeyd edib.
Sonra rayon rəhbəri möhtərəm Prezidentin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini, həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışdığını, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratdığını, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını qeyd edib. Bildirib ki, bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.
İcra başçısı qəbulda Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilən terror aktından, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi Orxan Əsgərovun şəhid olmasından, digər iki nəfərin yaralanmasından da danışıb. O, şəhid Orxan Əsgərovun ailəsinə başsağlığı verərək, rəhmət diləyib, terror zamanı yaralanan oğullara isə tezliklə sağalmalarını arzulayıb. Bu terror aktının əslində Azərbaycana qarşı terror və hücum olduğunu bildirib
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Köçərli kəndinin 1281 hektar ərazisi, 431 təsərrüfatı, 1784 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 6 ticarət, 4 iaşə, 1 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 1447 baş iribuynuzlu, 644 baş xırdabuynuzlu heyvan, 7782 baş quş, 48 arı ailəsi saxlayırlar.
Köçərli kəndində son üç ildə kənd ərazisində 1800 ədəd tut tingi, 40 ədəd müxtəlif növ ağaclar əkilib, əkin sahələrinə gedən su arxları 5.5 km məsafədə lildən təmizlənib, 8 ədəd subartezian quyusu təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Saməddin Hacıyev kəndin içməli su problemi, Şahin Əhmədov pay torpaq sahəsinə gedən yolda meşə ağaclarının budanması, Mənzər Hacıyeva və Əmrah Məmmədzadə Bələdiyyədən icarələrinə torpaq sahəsinin ayrılması, Ramilə Manafova həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, Təranə Məmmədova oğlunun işlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.