Şriftin ölçüsü :

Saytın rəngi :

Kəbirli kəndində icra başçısı sakinləri qəbul edib

19 may 2022 | 17:19

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Kəbirli kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.

Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. Qeyd olunub ki, son beş ildə şəhid və qazi ailələrinə 1546 fərdi ev tikilib.

Rayon rəhbəri kənd sakinlərini işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni keçməməyə çağırıb. Bildirilib ki, bu onların həyatı üçün təhlükəlidir. Çünki həmin ərazilərdə çoxlu sayda partlamamış silah və hərbi sursat var, minalar basdırılıb.

Sonra Kəbirli  kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Qeyd olunub ki, Kəbirli İnzibati Ərazi Dairəsi Kəbirli və Bayandurlu kəndlərini əhatə edir.  İnzibati ərazi dairəsinin 356  hektar ərazisi, 261 təsərrüfatı, 1361nəfər əhalisi, 636 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 iaşə, 3 məişət, 6 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıq və arıçılıqla məşğul olurlar. Sakinlər 120 hektarda buğda, 45 hektarda arpa, 199  hektarda yonca, 20 hektarda günəbaxan əkiblər.

Onlar 796 baş iribuynuzlu, 631 baş xırdabuynuzlu, 2955 baş ev quşları saxlayırlar. Ərazidə “Aqropat” MMC və Günəbaxan yağı sexi də fəaliyyət göstərir.

Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Ərazidə 2000 metr kəndarası yollar təmir olunub. 3500 metr suvarma arxı lildən təmizlənib.  

İcra nümayəndəsinin məlumatından sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Fəqan Orucov iribuynuzlu heyvanının oğurlanması ilə bağlı polis şöbəsinin onun işini ətraflı araşdırmaması, şəhid atası Əhliman Hüseynov isə Vətən müharibəsində həlak olmuş oğlu Elnur Hüseynovun rəsmi olan lövhənin maşınla vurulması ilə bağlı rayon Polis şöbəsinə olan müraciətinin nəticəsinin olmaması, Yaşar Əliyev 55 hektar əkin sahəsinin suvarılmasında istifadə olunan subarteziana gedən yolun həmkəndlisi tərəfindən zəbt olunması, Razil Orucov özünə, Dilarə Orucova qızı Gülbahar Orucovaya, Zabil Abbasov oğlu Vətən müharibəsi veteranı Zamin Abbasova iş verilməsi ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Sakinlər onlara, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər