İlxıçılar kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin İlxıçılar kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, İlxıçılar kəndinin 430 hektar ərazisi, 293 təsərrüfatı, 1155 nəfər əhalisi, 297 hektar pay torpağı var. Ərazidə 1 tibb məntəqəsi, 6 ticarət obyekti, 1 iaşə obyekti, 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 587 baş iribuynuzlu, 381 baş xırdabuynuzlu heyvan, 3638 baş quş saxlayır kümçülüklə də məşğul olurlar.
İlxıçılar kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılıb, 2000 metr su arxı lildən təmizlənib, 1500 metr məsafədə kəndarası yol cari təmir olunub, kənarları abadlaşdırılıb.
Rayon rəhbəri sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Arif Hüseynov kəndin elektrik xətlərinin sip kabellə əvəzləşdirilməsi, Cabbar Rüstəmov işlə təmin olunma, Tahir Məmmədov kənd EATS-nə internet üçün əlavə yerlərin verilməsi, Kamil Kərimov suvarma suyu ilə təminat, Mirzə Rəhimov evinin yaxınlığındakı elektrik dirəyinin dəyişdirilməsi, Gültəkin Həsənova suvarma arxının lildən təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.