Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib

22 sentyabr 2022 | 11:53

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Rayon icra hakimiyyətinin başçısı Sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.

Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Soyulan  kəndinin 181,1 hektar ərazisi, 136  təsərrüfatı, 537 nəfər əhalisi, 138,2 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 poçt, 1 ATS, 1 kitabxana, 2 ticarət və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunublar.

Sakinlər 322 baş iribuynuzlu, 569 baş xırdabuynuzlu heyvan, 1938 baş quş saxlayır, kümçülüklə də məşğul olurlar.

Soyulan kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılıb, 5000 metr su arxı lildən təmizlənib,  kəndin mərkəzi yoluna asfalt örtüyü salınaraq kənar hissələri abadlaşdırılıb.

İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Əskinaz Məmmədova işıq naqillərinin sip kabellə əvəzlənməsi, İldırım Əliyev həyətyanı torpaq sahəsinin zəbt olunması, Nicat Məmmədov özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunması, Rasim Həsənov övladlarının işlə təmin olunması, Valeh İsmayılov arx yerinin zəbt olunması, Aydın Quliyev Alışarlı kəndinə gedən yola asfalt örtüyünün çəkilməsi, Ağalar Həsənov içməli su ilə təminat, İntiqam Sarıyev yeni subartezian quyusunun qazılması və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər