Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib

07 yanvar 2024 | 12:00

İclasda şura üzvləri ilə yanaşı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ durur: 1. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2024-cü il üçün İş Planının və rayon İcra hakimiyyəti başçısı aparatının Tədbirlər Planının təsdiqi haqqında. 2. 2023-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti haqqında.

Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2023-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan problemlərin həll olunması və vaxtında cavab verilməsinin daim nəzarətdə saxlanıldığını bildirib.

Qeyd edib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunubdur. Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.

İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların müraciətlərinə baxılması və onun icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan məsələlərin maksimum həllinə çalışmalıdır.

Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 08 dekabr 2023-cü il tarixli, 197 nömrəli  əmri ilə 2024-cü ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər.   

Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2023-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına 982 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 489-u eyni vətəndaşlardandır. Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni vaxtda müxtəlif dövlət orqanlarına müraciət etmişlər.

Daxil olmuş 982 müraciətin 842-si məktub, 97-si elektron məktub, 43-ü isə teleqram olmuşdur. Müraciətlərdən 17-si nəzarətə götürülmüşdür.

Bu müraciətlərin 349-u Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 103-ü Nazirlər Kabinetindən, 15-i Milli Məclisdən, 67-si Respublikanın digər təşkilatlarından, 448-i isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur.

Rayon icra hakimiyyəti başçısı aparatında 2932 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 1045 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1887 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.

Rayon icra hakimiyyəti başçısının 2023-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 47 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3528 vətəndaş iştirak etmiş, 183 nəfər vətəndaşın müraciətinə baxılmışdır. 

2023-cü ildə daxil olmuş müraciətlərin 2022-ci illə müqayisəli təhlili zamanı müəyyən olmuşdur ki, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər 168 sayda, Milli Məclisdən daxil olan müraciətlər 6 sayda, Nazirlər Kabinetindən daxil olan müraciətlər 118 sayda, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər 80 sayda,  vətəndaşlardan bilavasitə daxil olan müraciətlər isə 54 sayda azalmışdır. 

Ümumilikdə, 2022-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 426 sayda azalmışdır.

2023-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma, erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma, evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, içməli və suvarma suyu üçün subartezian quyularının qazılması, birdəfəlik maddi yardım, sosial yardım və müavinətlərlə bağlı olmuşdur. 

Müzakirə edilən məsələlər barədə rayon Poliş Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Statistika İdarəsinin rəisi Ədalət  Məmmədov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev şıxış edidlər.

Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2024-cü il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər