İcra başçısının sədrliyi ilə rayonda payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 1 məsələ durur: “Rayonda 2024-2025-ci illərin payız-qış mövsümündə əhaliyə xidmət sahələrinin hazırlığının vəziyyəti haqqında”.
Sonra rayon rəhbəri payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin də həll olunmasına xidmət edir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov “2024-2025-ci illərin payız - qış mövsümünə əhaliyə xidmət sahələrinin hazırlığının vəziyyəti barədə” məruzə edib,bildirib ki, rayonda payız-qış mövsümünə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmət sahələrində keyfiyyətin yaxşılaşdırılması məqsədilə xeyli işlər görülüb,istilik qazanxanalarının, eləcə də əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz olunması, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, payız- qış mövsümündə nəqliyyatın normal fəaliyyəti üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi və s. kimi məsələlər barədə danışıb.
Müzakirə edilən məsələlər barədə Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət sahəsi üzrə müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəisi Hafiz Ələkbərov çıxış ediblər.
Şura iclasında müvafiq qərar qəbul edilib, rayon icra hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.