Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib

14 iyul 2022 | 15:02

İyulun 14-də Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaraağacı  kəndində səyyar-qəbul görüşü keçirilib.

Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhid Qarayev Mehman İlyas oğlunun adını daşıyan Qaraağacı kənd tam orta məktəbində şəhidə ayrılmış güşəyə baxıb, onun şəklinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı qeyd edib ki, bu günkü səyyar-qəbul görüş tarixi bir günə-Ulu Öndərin ilk dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Müstəqil Azərbaycanımızın əldə etdiyi bütün uğurlar ümummilli liderin adı ilə bağlıdır.

Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Qeyd olunub ki, Qaraağacı İƏD-də yerləşən kəndlər I Qarabağ və Vətən müharibəsində ən çox atəşə məruz qalan yaşayış məntəqələrimizdəndir. Ancaq kənd sakinləri bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. 

 İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Qaraağacı İnzibati Ərazi dairəsi 3 kəndi-Qaraağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini əhatə edir.   İnzibati Ərazi Dairəsinin 1007 hektar ərazisi, 326  təsərrüfatı, 1485 nəfər əhalisi, 402 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi,  1 kitabxana, 3 ticarət obyekti, 1 poçt, 1 ATS  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar.Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Sakinlər 340 baş iribuynuzlu, 486 baş xırdabuynuzlu heyvan, 3250 baş quş, 52 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Qaraağacı kənd sakinləri Hacı Əliyev, Şükür Əhmədov, Nüsrət Axundov subartezian quyusunun bərpası, gübrə üçün verilən subsidiyaların gecikdirilməsi, Məmməd Nuriyev əkinçilik mədəniyyəti, təsərrüfatlararası yolların qaydaya salınması, Mahir Əhmədov oğlu Məhəmmədin qazi kimi un məmulatları avadanlıqları üçün Məşğulluq mərkəzində qeydiyyatda olmasına baxmayaraq, hələ də aktivlərlə təmin olunmaması, Qaradağlı kənd sakini Sədrəddin Qarayevin evinin Vətən müharibəsində ziyan çəkməsinə baxmayaraq hələ də tam təmir olunmaması ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşların müraciətlərinə öz münasibətini bildirib. O, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını, pay torpaqlarının birləşdirilərək kooperasiyalar yaradılmasını, suvarmada damcı suvarma sistemlərindən istifadə olunmasını təklif edib.

Qəbulda iştirak edən sakinlər şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər