İcra başçısının növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Vüqar Həsənov küçəsində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Vüqar Həsənov küçəsində keçirilib.
Qəbulda Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın bölgələrində, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. Sonra şəhərin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən də gözəl olub.
Hazırda Tərtər şəhərində 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina tikilir.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri artıq başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində səkilərə asfalt döşənib, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə asfalt döşənməsi üçün hazırlıq işləri aparılır. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov küçələrində isə istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.
Şəhid Vasif Hüseynovun adına tikilmiş bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb.
Hazırda isə şəhərin Süleyman Məmmədov küçəsində istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Küçədə kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Sakinlərdən Məhbubə Səfərova evinin balkon hissəsində yenidənqurma işlərinin aparılmasına icazə verilməsi, Zülfiyyə Səfərova oğlunun işlə təmin olunması, Reman Əliyev xəstəliyi ilə bağlı müalicə olunmasına köməklik və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.