İcra başçısının növbəti səyyar qəbul-görüşü Rəcəbli kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarov kənd İƏD üzrə nümayəndəliyinin Rəcəbli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı sentyabr ayının 12-13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirib, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Rəcəbli kəndinin 284 hektar ərazisi, 77 təsərrüfatı, 359 nəfər əhalisi, 174 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 klub fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 173 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvan, 1676 baş quş saxlayır, kümçülüklə də məşğul olurlar.
Rəcəbli kəndində son üç ildə 2 ədəd subartezian quyusu qazılıb, 5500 metr su arxı lildən təmizlənib, 4000 metr məsafədə kəndarası yol cari təmir olunub, kənarları abadlaşdırılıb, 400 ədəd müxtəlif növ ağaclar əkilib.
Rayon rəhbəri sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Ofeliya Rəcəbova Kovdadıq kəndinin su arxının təmizlənməsi, Fərid Paşazadə qonşu mübahisəsi, Tağı Nəsirov Bildirçinli kəndinə internet çəkilməsi, Rövşən Şirinov Rəcəbli kəndinin su arxının təmizlənməsi, internet çəkilməsi, kənd yolunun asfaltlanması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.