Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Hacıqərvənd kəndində səyyar qəbul görüşü keçirilib

21 iyul 2022 | 10:48

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Hacıqərvənd  kəndində səyyar-qəbul görüşü keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. 

 İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Hacıqərvənd kənd İnzibati Ərazi dairəsinin 1271 hektar ərazisi, 700  təsərrüfatı, 2933 nəfər əhalisi, 856 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi,  1 kitabxana, 1 mədəniyyət, 1 körpələr evi-uşaq bağçası, 1 poçt, 1 ATS, 11 ticarət, 1 məişət və 1 iaşə obyektləri fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Sakinlər 1698 baş iribuynuzlu, 2290 baş xırdabuynuzlu heyvan, 10300 baş quş, 275 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar. Bu il kümçülər dövlətə 556 kq barama təhvil veriblər.

 Kənddə elektrik xətlərinin bir hissəsi kabelləşdirilib. 3000 metr kəndarası yol təmir olunub, əraziyə 350 ədəd müxtəlif ağac əkilib. 5800 metr su arxı lildən təmizlənib. 5 hektar qəbristanlıq ərazisinə barı çəkilib.

İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Qəbulda iştirak edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov isə günəbaxan sahələrində quşların qovulması üçün icarədarlara protexniki vasitələrdən istifadə etməmələrini tövsiyə edib. Belə halların törədə biləcəyi ağır fəsadlardan danışıb və sakinləri narkotiklə mübarizəyə çağırıb.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən şəhid anası Ayna Babayeva oğlu Raminin, Səxavət Bayramov, Adil Əliyev  işlə təmin olunmaları, qazilər Elgiz Məmmədli və Bəylər Abbasov icarələrinə kənd təsərrüfatı məhsulları əkmək üçün torpaq sahəsi verilməsi, Qurban Quliyev evinə çəkilən elektrik xəttində işığın zəif olması, qazi Şahin Hətəmov ev növbəsi ilə, Elsevər Cəfərov yeni subartezian quyusunun qazılması ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər