İcra başçısının Düyərli kəndində səyyar qəbul görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Düyərli kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar.
Sonra rayon rəhbəri kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Düyərli kənd İnzibati Ərazi dairəsi iki kəndi-Düyərli və Yuxarı Sarıcalı kəndlərini əhatə edir. İnzibati dairənin 505 hektar ərazisi, 490 təsərrüfatı, 2065 nəfər əhalisi, 403 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 klub, 1 körpələr evi-uşaq bağçası, 4 ticarət, 2 məişət və 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
Sakinlər 157 baş iribuynuzlu, 1100 baş xırdabuynuzlu heyvan, 9386 baş quş, 76 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar. Bu il kümçülər dövlətə 510 kq barama təhvil veriblər.
Kənddə elektrik xətlərinin bir hissəsi kabelləşdirilib. 2000 metr kəndarası yol təmir olunub, əraziyə 350 ədəd müxtəlif ağac əkilib. 500 metr su arxı lildən təmizlənib, kəndarası yollar abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən şəhid anası Qəndab Əhmədova qəbristanlıq yolunun asfaltlanması, Aydın Ağayev, Taleh Quliyev, Elmi Qədimzadə Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən aparılan təmir işlərinin yarımçıq görülməsi, Nazim Quliyev pay torpağının, İldırım Əliyev isə həyətyanı sahəsinin zəbt olunması və bununla bağlı məhkəmə qərarının icra olunmaması, Nizami Əliyev, Zaman Mehdiyev isə işlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.