Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Buruc kəndində səyyar qəbul görüşü keçirilib

18 avqust 2022 | 13:03

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Buruc  kəndində səyyar-qəbul görüşü keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. 

Rayon rəhbəri bildirib ki, bu gün də erməni silahlı birləşmələri dinc dayanmırlar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Rayon rəhbəri Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacağını və əks cavab tədbirləri  daha da sarsıdıcı olacağı barədə məlumat verdiyini bildirib.

Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Buruc kəndinin 614 hektar ərazisi, 290  təsərrüfatı, 1208 nəfər əhalisi, 418 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 poçt, 1 ATS, 1 kitabxana, 5 ticarət və iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Sakinlər 632 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 3230 baş quş, 60 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.

Buruc kənd tam orta məktəbin binası əsaslı təmir olunub, baramaçılığın inkişafı üçün kənd ərazisində 2600 ədəd çəkil tingi əkilib, 1500 metr su arxları lildən təmizlənib, qaz xətlərinin 50%-yenidən çəkilərək təmir olunub, kəndarası yollar təmir olunaraq kənar hissələri abadlaşdırılıb.

İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Hicran Allahverdiyeva evinə internet xəttinin çəkilməsi, Hafiz Mayılov, Zahid Babayev suvarma arxlarının təmizlənməsi və kənarlarının genişləndirilməsi, Elşad Cəfərov kənd qəbiristanlığına su xəttinin çəkilməsi və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər