İcra başçısı Vətən müharibəsi şəhidi Şəmilov Azər Elyas oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Azər Şəmilovun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxuyub, Azər Şəmilovla bağlı xatirələr dinlənilib.
49 yaşlı tibb xidməti baş leytenantı Azər Şəmilov Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, 2020-ci ilin sentyabr ayında təlimlərə cəlb olunub və müharibə başlayandan ön cəbhədə Tərtər rayonunun Suqovuşan, Talış kəndləri istiqamətlərində xidmət edib, yüzlərlə yaralıya ilkin tibbi yardım göstərib.
O, 14 oktyabr 2020-ci il tarixdə qucağında tibbi yardım göstərdiyi yaralı ilə birgə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
Ölümündən sonra Azər Şəmilov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Azər Şəmilovun xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!