İcra başçısı Vətən Müharibəsi şəhidi Mustafayev Əlzamin Baxış oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun Bəyimsarov kəndində yaşayan şəhid Mustafayev Əlzamin Baxış oğlunun ailəsində olub, onlara şəhidin ikinci ildönümü ilə bağlı başsağlığı verib. Şəhidin ruhuna dualar oxunub, onunla bağlı xatirələr dinlənilib.
Valideynləri Kəlbəcər rayonundan məcburi köçkün olan Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən başlayan Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 03 okyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!