İcra başçısı Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 19 yaşlı 44 günlük Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.
Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna dualar oxuyub.
Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rayon rəhbəri şəhidin valideynlərinə Elgiz Hüseynzadə kimi igid övlad böyütdükləri üçün öz minnətdarlığını bildirib və onun mənalı ömür yolunun gənclərin vətənpərvərlik tərbiyyəsində bir örnək olduğunu deyib.
Elgiz Hüseynzadənin boya-başa çatdığı kəntdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!