Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən Müharibəsi şəhidi Hüseynov Aslan Malik oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

01 oktyabr 2022 | 11:31

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsində olub, onlarla birlikdə Aslanın xatirəsini yad edib, şəhidlə bağlı xatirələri dinləyib, Aslan Hüseynovun keçdiyi döyüş yoluna nəzər salıb.

Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində  də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə”  medalı ilə təltif olunub.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası  Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.

Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 3 övladı yadigar qalıb.

“Şəhidlər ölməz, Vətən bölünməz!” Aslan kimi oğulları olan Vətən basılmaz!

Allah şəhidimizə rəhmət eləsin!

 

Keçidlər