İcra başçısı Vətən müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdahil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Evoğlu kəndində Vətən müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdahil oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Mürşüd Əhmədzadə 2000-ci il yanvar ayının 4-də Evoğlu kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 27-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mürşüd Əhmədzadə ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhid Əhmədzadə Mürşüdün xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Evoğlu kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin!