İcra başçısı Vətən Müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
30 sentyabr 2020-ci il tarixdə daha bir həmyerlimiz şəhidlik zirvəsinə ucaldı. Babazadə Mirşəmsi Elşad oğlunun Vətən uğrunda şəhid olmasının ikinci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı Mirşəmsi kimi Vətəni canından artıq sevən oğulların keçdiyi qısa, lakin mənalı ömür yollarının gənclərə bir örnək olduğunu bildirib. Şəhidin ailə üzvləri ilə birgə onun həyat və döyüş fəaliyyətinə nəzər salıb, ailə üzvlərinin xatirələrini dinləyib.
Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
“Şəhid qanı axmayan yerdən Vətən olmaz”-deyiblər. Allah torpağı qanları ilə Vətənə çevirən oğullara rəhmət etsin!