İcra başçısı Səhlabad kəndində şəhid İntiqam Ağayevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri ilə birlikdə Səhlabad kəndində şəhid İntiqam Ağayevin ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Əvvəlcə rayon rəhbəri şəhidin xatirəsinə ucaldılmış xatirə bulağının önünə gül-çiçək dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Vətən müharibəsi başlayanda Goranboy rayonundan “N” saylı hərbi hissənin tərkibində müharibəyə qatılıb, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub, oktyabrın 9-da yaşadığı kəndin qəbristanlığında dəfn olunub.
Ölümündən sonra Azərbyacan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Görüşdə şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.