İcra başçısı şəhid Səlaməddin Əliyevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Qazyan kəndində şəhid Səlaməddin Əliyevin ailəsini ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid və qazilərin qəhrəmanlıqlarından söhbət açıb və bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid oğulları öz qanı, canı bahasına torpaqlarımızı işğaldan azad edib, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Əliyev SəlaməddinYusif oğlu 1979-cu il oktyabr ayının 5-də Qazyan kəndində anadan olmuşdur. 1997-ci ildə Qazyan kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasına getmiş və 2001-ci ilin oktyabr ayınadək orada olmuşdur. 2001-ci il oktyabr ayının 2-də Tərtər rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi 161 saylı hərbi hissədə kəşfiyyat bölüyünün əsgəri olmuşdur. 25 iyun 2002-ci il tarixdə verilmiş hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Yusifcanlı kəndində düşmən tərəfindən atılan güllədən aldığı xəsarət nəticəsində şəhid olmuşdur.
Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.
Görüşdə icra başçısı bildirib ki, Səlaməddin kimi Vətənini canından çox sevən oğullar heç vaxt ölmür. Xalqımız eldən gedən oğullarının xatirəsini həmişə əziz tutur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.