İcra başçısı şəhid Sabirli Əjdərin atası Xanlar Sarıyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hacallı kəndində şəhid Sabirli Əjdər Xanlar oğlunun atası Xanlar Sarıyevi 60 illik yubileyi münasibəti ilə ziyarət edərək, onu təbrik edib, səmimi arzularını çatdırıb. Şəhid ailəsinin qayğıları ilə maraqlanan rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.