İcra başçısı şəhid Elnur Abbaslının anası Xanım Aslanovanı 65 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Köçərli kəndində 65 illik yubileyi münasibəti ilə şəhid Abbaslı Elnur Yaşar oğlunun anası Xanım Aslanovanı ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub.
Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Ailəli idi 2 övladı yadigar qalıb.
Şəhidin valideynləri övladları ilə həmişə qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.