Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Ceyhun Hacızadənin anası Qətibə Hacıyevanı 55 illik yubileyi münasibəti ilə təbrik edib

01 iyun 2024 | 10:22

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu kəndində 55 illik yubileyi münasibəti ilə şəhid Hacızadə Ceyhun İsrail oğlunun anası Qətibə Hacıyevanı ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin  mənəvi borcudur.

Qeyd edək ki, şəhid Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü iştirak edib və 2020-ci il oktyabr ayının 7-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm Prezident  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər