İcra başçısı şəhid anası Göhər Xudabəndəyevanı 75 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun Dəmirçilər kəndində şəhid Rzayev Fikrət Əhliyət oğlunun anası Xudabəndəyeva Göhər Vəli qızının 75 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, Şəhid Rzayev Fikrət Əhliyət oğlu 1972-ci il avqust ayının 30-da Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Dəmirçilər kəndinə köçüblər. Həmin kəndin orta məktəbində natamam orta təhsil aldıqdan sonra 183 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1990-cı ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra keçmiş Sovet Ordusu sıralarından vaxtından əvvəl gələrək “Tərtər özünümüdafiə batalyonu”nda hərbi xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 28-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Həmin il oktyabr ayının 22-də bu ərazi ermənilərdən təmizləndikdə onun cəsədi tapılıb doğma kəndə gətirilib torpağa tapşırılıb. Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






