Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Dürnisə Rəhimovanı 75 illik yubileyi münasibəti ilə təbrik edib

05 yanvar 2026 | 16:50

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Azad Qaraqoyunlu kəndində şəhid Rəhimov İsax İsi oğlunun anası Rəhimova Dürnisə Cənnət qızının 75 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, Rəhimov İsax İsi oğlu 1975-ci il fevral ayının 26-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmiş və komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 1994-cü il dekabr ayının 28-də Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər