Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Bəsti Ağayevanı ziyarət edib

30 dekabr 2023 | 16:59

Şəhid anası Bəsti xanım insult keçirib və səhətində yaranmış problemlə bağlı əməliyyat olunub. Şəhid anasını ziyarət edən rayon rəhbəri onun qayğıları ilə maraqlanıb, onu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  bayramı münasibəti ilə təbrik edərək, sağlamlığında yaranmış problemlə bağlı narahat olduğunu bildirib. Bəsti xanıma Vətənə Orxan kimi oğul bəxş etdiyinə görə minnətdarlıq edib, bütün şəhid analarının baş tacımız olduğunu bildirib.

Qeyd edək ki, şəhid Aslanlı Orxan Şahmar oğlu 1992-ci ilin noyabr ayının 20-də Səhlabad kəndində doğulub. Ailədə bir qardaş,  bir bacı olublar. Orxan birinci sinfə gedəndə, baş vermiş qəza nəticəsində atası dünyasını dəyişib. Anası Bəsti xanım övladlarına həm ana, həm də ata olub, onları vətənpərvər, tərbiyəli və zəhmətkeş böyüdüb.

Orxan 2011-ci ildə Səhlabad kənd tam orta məktəbini bitirib. Bundan sonra “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini keçib. 2013-cü ilin aprel ayında təxris olunub.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq SHXÇDX-nin Tərtər rayon şöbəsinə müraciət edərək ordu sıralarına yazılıb.

2020-ci il sentyabrın 21-də müraciəti əsasında orduya çağırılıb və müvafiq hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsi başlayanda könüllü əsgər kimi cəbhəyə yola düşüb. Suqovuşan-Talış-Ağdərə istiqamətində döyüşüb. Oktyabr ayının 7-də şəhid olub, oktyabrın 10-da Səhlabad kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid anası ziyarətdən razı qaldığını, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər