İcra başçısı şəhid ailəsinə tikilən evdə olub
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Rövşən-Oğuz Mühəndislik” MMC şirkəti tərəfindən şəhid Elnur Hüseynovun Kəbirli kəndində ailəsi üçün tikilən evdə tikinti işləri ilə tanış olub, şəhid ailəsinin qayğları ilə maraqlanıb.
Şəhid Elnur Hüseynov Vətən müharibəsinə könüllü yola düşüb, Tərtər rayonunun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şücaət göstərib və ərazi bütövlüyümüz uğrunda şəhid olub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Həmyerlimiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Şəhidin atası Əhliman Hüseynov aparılan tikinti işlərindən razılıq edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə öz minnətdarlığını bildirib.