İcra başçısı şəhid Ağamalıyev Qüdrət Qərib oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Ağamalıyev Qüdrət Qərib oğlunun ailəsini ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhidin keçdiyi döyüş yolu haqqında onun ailə üzvlərinin xatirələrini dinləyib .Bildirib ki, Ağamaliyev Qüdrət Qərib oğlu1959-cu il oktyabr ayının 2-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Qapanlı kənd orta məktəbinin 8-ci sinifini bitirdikdən sonra orta təhsilini Şuşa 1 №-li İnternat Məktəbində alıb. 1978-1980-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Qarabağ müharibəsi başlayan vaxt o, Səməd Vurğun adına kolxozda sürücü işləyirmiş. 1993-cü il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. 703 saylı hərbi hissədə qulluq etməklə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 20-də Ağdərə bölgəsində Lülǝsaz kəndi ətrafında gedən döyüşdə şəhid olub.
Qüdrət Ağamalıyev ailəli idi. Fərman adlı bir oğlu, Nuriyyə və Əsmanə adlı iki qızı var. Şəhid Qapanlı kənd qəbiristanlığında dəfn edilib.
Ailəsi Tərtər rayonunun Qapanlı kəndində yaşayır.
Rayon rəhbəri uzun illərdən sonra Qüdrətin vətən torpaqlarını işğaldan azad etmək arzusunu bu gün respublika prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, ölkə rəhbərinin öz əlləri ilə Azərbaycan Bayrağını İşğaldan azad edilmiş, terrorçulardan təmizlənmiş Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə dalğalandırdığını deyib, cənab Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində tək Qüdrətin deyil, Vətən üçün canından keçən bütün şəhidlərin, sağlamlıqlarını itirmiş qazilərin, günahsız qətlə yetirilən qız-gəlinlərin, körpələrin də intiqamının alındığını vurğulayıb.
Şəhidin ailə üzvlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!