Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayonun Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsini ziyarət edib

08 yanvar 2024 | 15:31

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyevlə birlikdə rayonun Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsini ziyarət  edib, ailənin qayğısı və problemləri ilə maraqlanıblar.

Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Şəhidin ailə üzvləri  Elmanla bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki  canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün  respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə-Ağdərədə, Xankəndində, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.

Qeyd olunub ki,  Azərbaycan Ordusunun əsgəri Məmmədov Elman Bəhmən oğlu 1991-ci il avqustun 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, oktyabr ayının 4-də yaşadığı Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Şəhid Elman Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər