İcra başçısı Qazyan kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə rayonun İntiqam Həsənov adına 89 şagirdin təhsil aldığı Qazyan kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.